30.04.2015

Ailə yükü ( II yazı- Yaşadıqlarım)

Son vaxtlar qapımızın aramsız döyülməsi məni də səksəkəyə salmışdı. Hər qapı döyüləndə,həyəcanla və təlaşla qapıya tərəf gedərdim. Bu dəfə də gələn şəxsin atam deyil,başqasının olduğunu görəndə,narazılıqla o şəxsin üzünə baxardım. Məndən fərqli olaraq,anam evimizə gəlib-gedənləri, xoş üzlə qarşılayardı. Gələnlər arasında  qohumların atam haqqında mənfi,bəzilərinin isə,əksinə müsbət fikir söyləməsinin şahidi olardım. Bəzilərinin də, “bu müharibəyə gətmək nəyə lazım idi?” deməsi, mənim uşaq qəlbimdə bu sözü deyənlərə qarşı qəzəb hissi oyadardı. Anam isə sadəcə,təmkinlə gülümsəyərək deyərdi,”bu getməsin,o getməsin,bəs kim getsin?” Mən isə danışılan söhbətlər əsnasında yerimdə qurdalanardım. Nə isə demək istəyərdim. Anamın  xoş baxışları isə, mənə sakit olmağı əmr edərdi.
Sanki, Qarabağ bizim evimizdə idi. Atamı görə bilməyənlər, anama elə suallar verirdilər, mənə elə gəlirdi ki, anam da atamla bərabər cəbhədə döyüşür. Amma mən bəzən qohumların bizə gəlməsinə sevinərdim. Çünki,ən azından anamın qəmli baxışlarından xilas olardım.
Qəribə hal bu idi ki, orta məktəbdə qiymətlərim ”5” olduğu halda,anamın mənəvi dərslərindən, ”2” alardım. O,mənə hər zaman deyərdi. ”Sən güclü olmalısan,əsl kişi olmalısan”. Bu sözlərdən sonra isə,güclü,yoxsa zəif olduğumu xəyal edərdim. Anamın  nə üçün mənim güclü olmağımı  istəməsi, mənim üçün böyük bir sual olaraq qalırdı.
Amma illər ötəcək, bu sualı keçəcəyim həyat yolları cavablandıracaqdı. Hələlik isə müharibənin qanlı,qadalı illərini yaşamalı idim. Müharibə isə getdikcə, daha da şiddətlənirdi. Hər gün ön cebhədən gələn xəbərlər də insan ruhuna mənəvi əzab verirdi. Müharibə dövründə bəziləri də var idi ki, insanların bu ağır günlərindən  istifadə edərək,yaşayışını yaxşılaşdırmaqla məşğul idi. Onların övladları da özlərinin tayı idi. Qəribə burasında idi ki, atam erməni daşnaqlarına qarşı vuruşduğu halda, mən  “özündən razı” uşaqlarla söz savaşına çıxardım. Bəzən onlar məni ələ salır, yeri gələndə də, rişxəndlə sancırdılar. Amma onların qarnı tox,mənim qarnım isə ac idi. Onlar özlərini, mən isə ətrafda yaşayan acları fikirləşirdim. Anamın ,”heç kəsə pislik etmə,pislik edənə də yaxşılıq et” deməsi,məni pislikdən çəkindirir, yaxşılıqa tərəf meyl etməmə səbəb olmuşdu.

Bəzən anamın sözlərinə,ürəyimdə haqq da qazandırırdım. Çünki, onsuz da dərdi çox olan qadına,bir tərəfdən də mənim dərd verməyim, onun mənəvi əzabını daha da artırardı. Gecələr isə evimizin qapısının döyülməsi, məni yox,anamı narahat edərdi. Çünki hansısa qonşunun çörəyinin qurtarması, bizim evdə çörəyin azalmasına səbəb olardı. Gecələrin birində belə hadisələrin biri ilə rastlaşdım. Qəfil səslənən taqqıltıya,qəfil ev yiyəsi kimi çıxmışdım. Bu qapı taqqıltısına isə,anam gecikmişdi. Mən isə gecə qapını döyən şəxsə,adımıza yaraşmayan kobudluqla,”daha bizdə çörək yoxdu”, demişdim. Qəfil gələn,qəfil getsə də,anamın heyrət dolu baxışları gözümdə qalmışdı. Utanib,sıxılsam da,daha iş-işdən keçmişdi və mən həmən gün anamın mənəvi dərslərindən yenə də “ 2” qiymət almışdım.

29.04.2015

Ailə yükü (I yazı - Yaşadıqlarım)

Qəfil uşaqlıq illərimin necə keçdiyinin fərqinə varmadan ömür səhifələrini yaşamaqdayam. Artıq uşaqlıq illəri arxada qalıb. Bəzən dönüb keçmişə baxanda, hər şeyin keçmişdə qaldığını fikirləşirsən, amma keçmiş keçmiş olaraq qalır, gələcək günlərin necə olacağını isə yalnız Allah bilir. Hər dəfə KİV –dən və ya efir məkanından Qarabağ haqqında mövzu izləyəndə, gözlərimin önünə bir anlıq o qanlı – qadalı müharibə illəri gəlir. Bu acı dolu xatirələr yaddaşımda yenidən canlanır və məni təkrarən uşaqlığımın “müharibə” kimi yaddaşında qalan illərinə aparır. Yenidən tarixin səhifələrini vərəqləyirəm, dönüb uşaq oluram. O halları həyəcanla bir daha yaşayıram. Keçmişin qan qoxuyan havası da sanki ciyərlərimə dolur və məni ağuşuna alır. Artıq 7 yaşım var və əlimdə çanta məktəbə doğru addımlayıram. Orta məktəbdə təhsil aldığım vaxt dərslərimi yaxşı oxuyurdum,demək olar ki fəal şagirdlərdən idim. Lakin atamın cəbhəyə getməsi həyatımda yeni mərhələnin başlanmasına səbəb oldu. Çünki mən ailənin böyük övladı idim. Buna görə də, ailənin bəzi yükləri mənim çiyinlərimə düşürdü. Yaxşı yadımdadır, atamın anama qəfil “Mən cəbhəyə gedirəm” deməsi, anamın bu xəbərdən gizli, səssiz ağlaması və mənim həmin gündən uşaqlıq həyatımın sona çatması. O gün mən uşaqlığıma “əlvida” dedim. Sonralar atamla görüşlərimizin birində “Sənə güvənirəm, oğlum” deməsi, çiyinlərimə düşən yükün məsuliyyətini daha da artırdı. Əslində daxilimdə atamla çiyin – çiyinə döyüşmək istəyi vardı. Onun yanında ola bilmədiyim üçün özümü qınayır və utanırdım. Atamın vaxt tapdıqca məktəbə gəlməsi və mənim təhsilimlə maraqlanması məni bu hisslərin ağırlığından qurtarırdı. Anlayırdım ki, mənim yaxşı təhsil almağım müəllimlərimin mənim haqqında verdikləri müsbət rəylər atamı qürürlandırır. Müharibə dövrünün başqa ailələri kimi bizim ailəmizin də çəkdiyi əzab – əziyyətlərə baxmayaraq, hər kəsin atama “Sizinlə fəxr edirik” deməsi bütün əziyyətlərimizi unutdururdu. Mən əsgər formasının və bu formanı üzərində daşıyan şəxsin xalqımız üçün nə qədər dəyərli  olduğunu dərk etmişdim. Həqiqətən də çətin illər idi. Anamın göz yaşları, hər dəfə qapı döyüləndə qapıya səksəkəli baxması mənim uşaq qəlbimi göynədərdi. Bir yandan da maddi ehtiyac, hər şeyin qıtlığı daha da dözülməz idi. Bir neçə şagirdin 1 kitabdan dərs hazırlaması da, müharibənin gətirdiyi çətinliklərdən biri idi. Mən dərslərimi yaxşı oxuduğum üçün əldə etdiyim kitablara da məsuliyyətlə yanaşırdım. Bəzən kitablarımı qonşu uşaqlarına dərs hazırlamaq üçün verəndə bərk – bərk tapşırırdım ki, kitabla ehtiyatlı davransınlar. Düzdür, onlar bu hərəkətimdən hərdən inciyərdilər. Amma bu inciklik çox sürməzdi. Çünki, bu hərəkəti nə üçün etdiyimi məndən yaxşı anlayırdılar. Ona görə ki, o zaman ailələrin dərdi də eyni idi. Saatlarla çörək növbələri də yadımdadır. Insanların gecə yarısından növbəyə dayanması və bəzən də çörək almadan evə dönməsi qəlb ağrıdan hadisələr kimi yaddaşıma həkk olunub. Çörəyin bizə çatmadığı günlərdə isə anam qaz sobasının üstünə su ilə dolu bir vedrə qoyardı və bu vedrənin ağzına aşsüzən yerləşdirərdi. Sonra dəsmala bükülmüş quru çörəkləri aşsüzənə qoyardı. Su qaynadıqca, yuxarıya qalxan isti buxar çörəyi yumşaldardı və biz həmin gün o çörəklə qidalanardıq. O illərdə əsgər ailələrinə növbədən kənar çörək almaları üçün xüsusi vəsiqə verirdilər. Vəsiqədə həmin əsgərin ailəsi ilə bağlı məlumatlar da yazılırdı. Qeydiyyat vəsiqəsinin hər zaman cibimdə olmasına baxmayaraq, mən də növbəyə dayanardım və növbədə dayananların məni tanımaması üçün başımı aşağı salardım. Çox vaxt növbədə dayanalardan kimsə məni tanıyar və satıcıya işarə edərək deyərdi “Bu, əsgər ailəsindəndir”. Onların mehriban baxışları altında mən xəcalət çəkərdim. Əsgər ailəsi olmağıma baxmayaraq, çörəyi növbədən kənar almağım məni utandırardı. Qadınların, qızların növbədə dura – dura növbəsiz çörək almağımı uşaq qüruruma sığışdıra bilmirdim. Amma satıcı qadın mənim daxili dünyamdan xəbərsiz idi. O çox vaxt məni qəzəblə çağıraraq, “Pulunu ver, neçə çörək istəyirsən?” deyərdi, mənə səslənərdi. Mən də sakitcə çörəyimi alıb evə dönərdim. Evə çatanda isə qapının ağzında anamın qəmli baxışları ilə rastlaşardım. O baxışların önündə qürürla dayanardım.Qürurumun səbəbi isə əlimdə tutduğum çörəklər olardı. Sonra dərs oxumağa keçərdim, çünki qarşıma çıxan çətinliklərin və sınaqların elm ilə həll olunacağını bilirdim…