Qəfil uşaqlıq
illərimin necə keçdiyinin fərqinə varmadan ömür səhifələrini yaşamaqdayam. Artıq
uşaqlıq illəri arxada qalıb. Bəzən dönüb keçmişə baxanda, hər şeyin keçmişdə
qaldığını fikirləşirsən, amma keçmiş keçmiş olaraq qalır, gələcək günlərin necə
olacağını isə yalnız Allah bilir. Hər dəfə KİV –dən
və ya efir məkanından Qarabağ haqqında mövzu izləyəndə, gözlərimin önünə bir
anlıq o qanlı – qadalı müharibə illəri gəlir. Bu acı dolu xatirələr yaddaşımda
yenidən canlanır və məni təkrarən uşaqlığımın “müharibə” kimi yaddaşında qalan
illərinə aparır. Yenidən tarixin səhifələrini vərəqləyirəm, dönüb uşaq oluram.
O halları həyəcanla bir daha yaşayıram. Keçmişin qan qoxuyan havası da sanki ciyərlərimə
dolur və məni ağuşuna alır. Artıq 7 yaşım var və əlimdə çanta məktəbə doğru
addımlayıram. Orta məktəbdə təhsil aldığım vaxt dərslərimi yaxşı oxuyurdum,demək
olar ki fəal şagirdlərdən idim. Lakin atamın cəbhəyə getməsi həyatımda yeni
mərhələnin başlanmasına səbəb oldu. Çünki mən ailənin böyük övladı idim. Buna
görə də, ailənin bəzi yükləri mənim çiyinlərimə düşürdü. Yaxşı yadımdadır,
atamın anama qəfil “Mən cəbhəyə gedirəm” deməsi, anamın bu xəbərdən gizli,
səssiz ağlaması və mənim həmin gündən uşaqlıq həyatımın sona çatması. O gün mən
uşaqlığıma “əlvida” dedim. Sonralar atamla görüşlərimizin birində “Sənə
güvənirəm, oğlum” deməsi, çiyinlərimə düşən yükün məsuliyyətini daha da
artırdı. Əslində daxilimdə atamla çiyin – çiyinə döyüşmək istəyi vardı. Onun
yanında ola bilmədiyim üçün özümü qınayır və utanırdım. Atamın vaxt tapdıqca
məktəbə gəlməsi və mənim təhsilimlə maraqlanması məni bu hisslərin ağırlığından
qurtarırdı. Anlayırdım ki, mənim yaxşı təhsil almağım müəllimlərimin mənim
haqqında verdikləri müsbət rəylər atamı qürürlandırır. Müharibə dövrünün başqa
ailələri kimi bizim ailəmizin də çəkdiyi əzab – əziyyətlərə baxmayaraq, hər
kəsin atama “Sizinlə fəxr edirik” deməsi bütün əziyyətlərimizi unutdururdu. Mən
əsgər formasının və bu formanı üzərində daşıyan şəxsin xalqımız üçün nə qədər
dəyərli olduğunu dərk etmişdim.
Həqiqətən də çətin illər idi. Anamın göz yaşları, hər dəfə qapı döyüləndə
qapıya səksəkəli baxması mənim uşaq qəlbimi göynədərdi. Bir yandan da maddi
ehtiyac, hər şeyin qıtlığı daha da dözülməz idi. Bir neçə şagirdin 1 kitabdan
dərs hazırlaması da, müharibənin gətirdiyi çətinliklərdən biri idi. Mən
dərslərimi yaxşı oxuduğum üçün əldə etdiyim kitablara da məsuliyyətlə
yanaşırdım. Bəzən kitablarımı qonşu uşaqlarına dərs hazırlamaq üçün verəndə
bərk – bərk tapşırırdım ki, kitabla ehtiyatlı davransınlar. Düzdür, onlar bu
hərəkətimdən hərdən inciyərdilər. Amma bu inciklik çox sürməzdi. Çünki, bu hərəkəti
nə üçün etdiyimi məndən yaxşı anlayırdılar. Ona görə ki, o zaman ailələrin
dərdi də eyni idi. Saatlarla çörək növbələri də yadımdadır. Insanların gecə
yarısından növbəyə dayanması və bəzən də çörək almadan evə dönməsi qəlb ağrıdan
hadisələr kimi yaddaşıma həkk olunub. Çörəyin bizə çatmadığı günlərdə isə anam
qaz sobasının üstünə su ilə dolu bir vedrə qoyardı və bu vedrənin ağzına
aşsüzən yerləşdirərdi. Sonra dəsmala bükülmüş quru çörəkləri aşsüzənə qoyardı.
Su qaynadıqca, yuxarıya qalxan isti buxar çörəyi yumşaldardı və biz həmin gün o
çörəklə qidalanardıq. O illərdə əsgər ailələrinə növbədən kənar çörək almaları
üçün xüsusi vəsiqə verirdilər. Vəsiqədə həmin əsgərin ailəsi ilə bağlı
məlumatlar da yazılırdı. Qeydiyyat vəsiqəsinin hər zaman cibimdə olmasına
baxmayaraq, mən də növbəyə dayanardım və növbədə dayananların məni tanımaması
üçün başımı aşağı salardım. Çox vaxt növbədə dayanalardan kimsə məni tanıyar və
satıcıya işarə edərək deyərdi “Bu, əsgər ailəsindəndir”. Onların mehriban
baxışları altında mən xəcalət çəkərdim. Əsgər ailəsi olmağıma baxmayaraq,
çörəyi növbədən kənar almağım məni utandırardı. Qadınların, qızların növbədə
dura – dura növbəsiz çörək almağımı uşaq qüruruma sığışdıra bilmirdim. Amma
satıcı qadın mənim daxili dünyamdan xəbərsiz idi. O çox vaxt məni qəzəblə
çağıraraq, “Pulunu ver, neçə çörək istəyirsən?” deyərdi, mənə səslənərdi. Mən
də sakitcə çörəyimi alıb evə dönərdim. Evə çatanda isə qapının ağzında anamın
qəmli baxışları ilə rastlaşardım. O baxışların önündə qürürla dayanardım.Qürurumun
səbəbi isə əlimdə tutduğum çörəklər olardı. Sonra dərs oxumağa keçərdim, çünki
qarşıma çıxan çətinliklərin və sınaqların elm ilə həll olunacağını bilirdim…
Hiç yorum yok:
Yorum Gönder